İtaliya A seriyasında 3-cü turun oyunları olub.

Hazırki çempion “İnter” səfərdə “Sampdoriya” ilə üz-üzə gəlib. Görüşə yaxşı başlayan qonaqlar 18-ci dəqiqədə istəklərinə nail olublar. Federiko Dimarko qapını dəqiq nişan alıb. Az sonra tarazlıq bərpa olunub. Maya Yosida hədəfdən yayınmayıb 1-1. Amma fasilə ərəfəsində “İnter” yenidən hesabda önə keçib. Luataro Martinez fərqlənib. Meydan sahibləri 2-ci hissədə məğlubiyyətdən xilas olublar. Tommazo Auqello yekun nəticəni müəyyənləşdirib - 2:2. Beləliklə “İnter” yeni mövsümdə ilk dəfə xal itirib.

Milan şəhərinin eyniadlı klubu isə 3-cü turu da qalib başa vurub. Komanda “San Siro” da “Latsio”nu məğlub edib. 1-ci hissənin son dəqiqəsində Rafael Leao meydan sahiblərinin ilk qolunu vurub. Az sonra “Milan” futbolçuları penalti vurmaq hüququ əldə ediblər. Frank Kesye bu imkandan yararlana bilməyib. Fasilədən sonra hesab artıb. 1 saatın tamamında Rafael Leanun əvəzinə meydana daxil olan Zlatan İbrahimoviç  7 dəqiqə sonra topu qapıdan keçirib. Yeni mövsümdə ilk qolunu vuran veteran forvard həm də oyunda son nöqtəni qoyub: “Milan” – “Latsio” 2:0.